Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak ediblər.
Dövlət başçısının saytında verilən məlumata görə, modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb.
“Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür”, - deyə məlumatda bildirilir.
Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür.
“May ayı ərzində modul tipli daha 5 xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunur.
Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək.
Modul tipli xəstəxanalardan ikisi Bakıda, digərləri isə bölgələrdə quraşdırılacaq. 6 xəstəxananın tikintisi dövlət büdcəsindən, 4 xəstəxananın tikintisi isə özəl qurumlar tərəfindən maliyyələşdirilir.*
X.Nəsirzadə