Azərbaycan koronavirus pandemiyası ilə əlaqədar problemlərlə üzləşmiş 10-dan çox ölkəyə yardım edib. Bunu prezident İlham Əliyev deyib.
“Biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq. Biz 10-dan çox ölkəyə yardım etmişik. Onlar kömək üçün bizə müraciət edib. Hesab edirəm ki, biz düz etmişik”, - deyə dövlət başçısı bu gün modul tipli xəstəxana kompleksinin açılışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan koronavirusdan zərər çəkən dövlətlərə real dəstək göstərən ölkədir. Azərbaycan, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ayırıb.
Prezident vurğulayıb ki, koronavirus Azərbaycan iqtisadiyyatına müəyyən zərər vuracaq. “İstisna deyil ki, ikinci rübün yekunları o qədər də ürəkaçan olmayacaq. Ancaq bu, ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır”, – deyə İ.Əliyev qeyd edib.
O əlavə edib ki, hökumət pandemiya dövründə biznes və əhaliyə zəruri sosial və maliyyə dəstəyi göstərəcək. Bu paket 3,5 milyard manat məbləğində qiymətləndirilir.*
A.Əzizov