Milli Məclisin sədri Sahibə Qafarova ayrı-ayrı qüvvələrin Hitler Almaniyası üzərində qələbədə Sovet İttifaqının rolunun azaldılmasına yönəlmiş fəaliyyətini qəbuledilməz və yolverilməz hesab edir.
“Son zamanlar bir sıra qüvvələr İkinci Dünya müharibəsində Hitler qoşunlarının darmadağın edilməsində Sovet İttifaqının rolunu inkar etməyə cəhd edirlər. Bu, qəbuledilməz və yolverilməzdir. Biz, siyasətçilər, o cümlədən dünya ictimaiyyəti həqiqətin qorunmasında əzmli olmalıyıq”, - deyə o, bu gün Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun iştirakı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfransda bildirib.
Onun sözlərinə görə, 130-dan çox Azərbaycan nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülmüşdür. 200 nəfərdən çox şəxs müxtəlif orden və medallarla təltif olunmuşdur. O illərdə Azərbaycan zəhmətkeşləri böyük fədakarlıq göstərmişlər. Arxa cəbhədə, Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunub. Əlbəttə ki, bu, Qələbənin qazanılmasına böyük töhfə olub.
S.Qafarova, həmçinin neofaşist meyillərin güclənməsindən narahatlıq bildirib. “Məsələn, Ermənistan respublikasında nasist Qaregin Njdeyə milli qəhrəman kimi abidənin ucaldılması faktı bizi narahat etməyə bilməz. Biz hesab edirik ki, faşizm bütün bəşəriyyət tərəfindən qınandığına görə belə hallara dözümlülük göstərmək olmaz”, - deyə sədr əlavə edib.*
A.Əzizov