SOCAR şirkəti 2015-ci il dekabrın 4-dədənizdə itkin düşən iki azərbaycanlı neftçinin meyitini aşkar edib. Bu barədə “İnterfaks-Azərbaycan”a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
“Meyitlər Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində aşkar edilib. Meyiti tapılan şəxslərin 2015-ci il dekabrın 4-də"Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz və 1973-cü il təvəllüdlü Əliyev Əyyub olduğu müəyyənləşib. Meyitlərin üzərindəki şəxsiyyət vəsiqələri və mərhumların qohumlarının rəyləri onların kimliyini təsdiqləyib”, - Əhmədov bildirib.
SOCAR-ın nümayəndəsinin sözlərinə görə, boru kəmərinin inspeksiya işləri tam dayandırılıb. Meyitlər bir neçə gün ərzində 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş polis İdarəsinə təhvil verilib.
"Ölüm faktı təsdiqlənən həmkarlarımıza və bütün “Günəşli” faciəsi qurbanlarına bir daha Allahdan rəhmət diləyirik", - deyə İ. Əhmədov qeyd edib.
Xəbər verildiyi kimi, 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması və boru kəmərinin zədələnməsi nəticəsində yanğın baş verib. Əlverişsiz hava şəraiti xilasedici gəmilərin özülə yaxınlaşmasına imkan verməyib. 33 nəfər xilas edilib. 14 neftçinin cəsədi tapılıb, 16 nəfərin axtarışları davam etdirilirdi. **
N.Abbasova