Milli Məclis cümə günü keçirilən iclasda “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”ın parlament müxbiri məlumat verir.
Sənədlə kimyəvi silahın tətbiq edilməsi ilə bağlı hərbi hazırlıq keçirmək və ya hər hansı hərbi hazırlıq iştirak etmək, bu qanunla qadağan olunan fəaliyyət növünü həyata keçirmək məqsədilə hər hansı bir yolla başqa şəxslərə kömək etmək və ya təhrik etmək, ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı istifadə olunan kimyəvi vasitələrdən müharibənin aparılması vasitəsi kimi istifadə etmək qadağan olunur.
Həmçinin, qanun layihəsi ilə “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyanın siyahısında göstərilən kimyəvi maddələri konvensiyanın iştirakçısı olan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlət ərazisindən tranzitini qadağan edir.
Konvensiyaya uyğun olaraq, aşağıdakı məqsədlər üçün həyata keçirilən fəaliyyətlərə yol verilir: kimyəvi maddələrdən sənaye, kənd təsərrüfatı, tədqiqat, tibbi, əczaçılıq, yaxud digər dinc məqsədlər üçün istifadə; kimyəvi silahlara və ya toksik kimyəvi maddələrə qarşı müdafiə ilə bilavasitə bağlı olan məqsədlər üzrə fəaliyyət; kimyəvi maddələrin toksik xüsusiyyətlərin kimyəvi silahların tətbiqi və müharibənin aparılması vasitəsi kimi istisna olmaqla, digər hərbi məqsədlər üçün istifadə; kimyəvi vasitələrdən qanunçuluğun təmin edilməsi, o cümlədən ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı mübarizə məqsədləri üçün istifadə.
Qanunla qadağan olunan fəaliyyətlər Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan hüdudlarından kənarda yaşayan vətəndaşlarına da şamil edilir. **
Ə.Məmmədov