Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv olunan “Atabank” və “Amrahbank”ın müştərilərinin əmanətlərinin qaytarılmasını planlaşdırır. Bu barədə Fonddan məlumat verilib.
“Əmanətlərin qaytarılması üçün agent-bank qismində “Kapital Bank” ASC seçilib. Kompensasiyalar nağdsız qaydada, agent-bankın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək. Bankın filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması məqsədilə əmanətlər üzrə kompensasiyalar 2 mərhələdə qaytarılacaq», - məlumatda qeyd olunur.
İyunun 1-dən başlayaraq 30 min manat ekvivalentinə qədər(30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, iyulun 1-dən başlayaraq isə 30 min manat ekvivalentindən çox olan əmanətlər üzrə kompensasiyaların verilməsi nəzərdə tutulub.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib ki, “Atabank” və “Amrahbank”da əmanətlərin həcmi 400 milyon manata yaxın təşkil edir.
“Bakı Apelyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixində qəbul etdiyi qərarla "Atabank" və "Amrahbank" ASC-lər müflis elan edilib və onların iflas prosedurlarına başlanılıb. Məhkəmə qərarına əsasən, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) hər iki bankın ləğvedicisi təyin edilib.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və ölkənin 15 aparıcı bankından biridir.
“Amrahbank” ASC 1993-cü ildə yaradılıb. Bankın səhmdarları 4 fiziki və 1 hüquqi şəxsdir (Beynəlxalq İnvestisiya Bankı). ASC-nin səhm nəzarət paketi (53,17%) fiziki şəxs Yunis İldırımzadəyə məxsusdur. **
Ə.Məmmədov