Ermənistanla Azərbaycan arasında Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Azərbaycanın Şuşa şəhərinin işğalı günü ilə bağlı bəyanatla çıxış edib.
1992-ci il mayın 7-dən 8-nə keçən gecə 24 minə yaxın sakinin yaşadığı Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfndən işğal olunub.
A.Ağacanov öz bəyanatında qeyd edib ki, Azərbaycanın qədim mədəni-tarixi mərkəzi olan Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ münaqişəsinin tarixində ən faciəli məqam oldu. İşğal zamanı və bundan sonra unikal memarlıq abidələri dağıdılıb. Xüsusilə, qədim Şuşa qalası və bütün rayonun 279 dini, tarixi və mədəniyyət abidələri məhv edilib. Şəhərin müdafiəsi zamanı 480 dinc sakin öldürülüb, 600 sakin yaralanıb, 22 mindən çoxu məcburi köçkünə çevrilib.
Ağacanov bildirib ki, şəhərin azərbaycanlı əhalisinin taleyi daha faciəli olub. Şuşanın işğalı ilə həmin dövrdə bir nəfər belə azərbaycanlının qalmadığı Dağlıq Qarabağın özündə etnik təmizləmə başa çatdı. “Bu gün Ermənistan hökuməti və Dağlıq Qarabağ separatçılarının Şuşanın işğalını 9 may Qələbə Günü ilə birlikdə qeyd etmələri ehtiramsızlıq və təhqirdir. Bu birbaşa saxtakarlıq və tarixi faktların təhrif olunmasıdır, bu, Qarabağ müharibəsində həlak olanlara və doğma torpaqlarını itirən Azərbaycanın məcburi köçkünlərinə – bütün Qarabağlılara meydan oxumaqdır. Bu, həmçinin Böyük Vətən müharibəsində faşist əjdahasına qalib gələn Azərbaycan vəı Ermənistan xalqlarının cəbhədə həlak olan nümayəndələrinin xatirəsinə təhqirdir. Biz Ermənistan hakimiyyətini və “DQR”-ın separatçı rəhbərliyini həqiqətin üzünə baxmağa və Azərbaycan xalqı ilə münaqişə nəticəsində Qarabağ münaqişəsinin girovluğunda qalan erməni xalqının özü üçün faciəyə çevrilməsini anlamağa çağırırıq. Qarabağ münaqişəsinin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ çərçivəsində sülh yolu ilə ədalətli həlli olmadan Qarabağ ermənilərinin gələcəyi yoxdur”, - Ağacanov yekun vurub.
O cümlədən, Ağacanov şübhə etmir ki, gün gələcək və “xalq “DQR”-da qanunsuz separatçı rejimi devirəcək”, Azərbaycan tərkibində yaşamaq arzusunda olan qovulmuş bütün azərbaycanlılar və Qarabağ erməniləri Qarabağa qayıdacaqlar. “O zaman biz hamımız Şuşanın işğalı gününü ümumi faciə kimi qeyd edəcəyik. Bu xalqlarımız arasında barışıq rəmzi olacaq”, - o əlavə edib. **