Ləğv olunma prosesində olan "Amrahbank" və "Atabank"ın kreditorları iyulun 1-nə qədər tələblərini qeydiyyatdan keçirə bilərlər. Bu barədə bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilir.
Qeyd olunur ki, "Atabank" ASC-nin kreditorları tələblərinin qeydə alınması üçün Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 102, “Atabank”ın baş ofisinə müraciət edə bilərlər. Telefon: (+99412) 497-87-00; qaynar xətt – 136.
"Amrahbank" ASC-nin kreditorlarından tələblər Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 36A ünvanında qəbul olunacaq. Telefon: (+99412) 480-28-39.
Aprelin 28-də AMB çoxsaylı nöqsanlar, həmçinin kapital və likvidliklə problemlərə görə "Atabank" və "Amrahbank" ASC-lərin lisenziyalarını ləğv edib. Bakı Apelyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixində qəbul etdiyi qərarla "Atabank" və "Amrahbank" ASC-lər müflis elan edilib və onların iflas prosedurlarına başlanılıb. Məhkəmə qərarına əsasən, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) hər iki bankın ləğvedicisi təyin edilib.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və ölkənin 15 aparıcı bankından biridir.
“Amrahbank” ASC 1993-cü ildə yaradılıb. Bankın səhmdarları 4 fiziki və 1 hüquqi şəxsdir (Beynəlxalq İnvestisiya Bankı). ASC-nin səhm nəzarət paketi (53,17%) fiziki şəxs Yunis İldırımzadəyə məxsusdur. **
A.Əzizov