2020-ci ilin birinci rübündə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə baxmayaraq, Azərbaycanla Rusiya arasında arasında ticarət dövriyyəsi 2% artıb. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə baxmayaraq, cari ilin birinci rübündə ölkələrimiz arasında əmtəə dövriyyəsi 2% artıb, ixrac-idxal əməliyyatlarının həcmi də artıb. Bu da çox vacibdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətini davam etdirir, o cümlədən bu dəhliz çərçivəsində yükdaşımalar və tranzit daşımaları həyata keçirilir”, - İ.Əliyev Rusiyanın "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalına müsahibəsində bildirib.
Həmçinin, dövlət başçısı qeyd edib ki, Azərbaycan ərazisindən keçməklə Rusiyadan Avropa istiqamətində Şimal-Qərb dəhlizi işə salınıb.
“Ötən ilin sonunda Azərbaycanla Rusiyanın sərhədində Samur çayı üzərindən körpünün açılışı təkcə bu iki ölkə üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edən hadisə olub. Ona görə ki, bu körpü beynəlxalq yükdaşımaların intensivləşdirilməsi, biznes əlaqələrinin genişlənməsi, habelə Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizlərinin inkişafı üçün yeni imkanlar yaradır. Keçən il Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi 60% artıb”, - Əliyev bildirib.
Prezident vurğulayıb ki, Azərbaycan regionda əməkdaşlıq üçün yaxşı perspektivlər açan, Asiyadan Avropaya və əks istiqamətdə yüklərin daşınması məsafəsini və çatdırılması müddətlərini xeyli azaldacaq bu mühüm nəqliyyat layihəsinin reallaşdırılması ilə əlaqədar öz ərazisində bütün işi başa çatdırıb.
“Hesab edirəm ki, regionda mühüm nəqliyyat arteriyası kimi Şimal-Cənub dəhlizinə ehtiyac daha da artacaq”, - prezident bəyan edib.
Azərbaycanla Rusiya arasında münasibətlərin inkişafı perspektivlərinə toxunan Əliyev qeyd edib ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir.“Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Prezident Vladimir Putin ilə mənim çoxsaylı şəxsi görüşlərim ikitərəfli qarşılıqlı əlaqələrin inkişafına çox ciddi təkan verir, həmçinin bizim regionda vəziyyətə də müsbət təsir göstərir”, - Əliyev deyib.
Prezident vurğulayıb ki, Azərbaycan və Rusiya 7 yol xəritəsi çərçivəsində proqramı fəal reallaşdırır. “Bizim çox sıx iqtisadi, ticari münasibətlərimiz var. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Həcmi milyard dollarlarla ölçülən qarşılıqlı investisiyalar həyata keçirilir. Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi təqribən 20% artıb və 3 milyard dollardan çox olub”, - Əliyev bildirib. **
B.Rüstəmbəyov