Heydər Əliyev Beynəlxalq Aeroportu illik sərnişin axını 5 milyon nəfərədək olan hava limanları arasında ən yaxşı aeroport seçilərək növbəti dəfə nüfuzlu “Skytrax World Airport Awards” mükafatına layiq görülüb. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoyub.
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu dörd il ardıcıl olaraq MDB ölkələrinin hava limanları arasında ən yaxşısı seçilib.
COVID-19 koronavirus infeksiyasının yayılması və bütün dünyada beynəlxalq sərnişin daşımalarının dayandırılması ilə əlaqədar bu il “Skytrax World Airport Awards” mərasimi Londondan onlayn rejimdə yayımlanıb.
“Bu gün belə bir yüksək mükafata layiq görülməyimiz hamımız üçün böyük şərəfdir. Əksər uçuşların dayandırılmasına baxmayaraq, əminəm ki, hava əlaqələri yenidən bərpa olunduqdan sonra Bakı hava limanı ən yüksək səviyyədə bütün növ xidmətlər göstərməyə davam edəcəkdir”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
“Skytrax” tərəfindən aparılan və dünyanın 550 hava limanı arasında sərnişinlərə xidmət səviyyəsini və şəraiti qiymətləndirən yoxlama dünya hava limanları sənayesi üçün keyfiyyət göstəricisi hesab olunur. Aparılan yoxlama və təqdim edilən mükafat hava limanının nəzarəti və ya müdaxiləsindən asılı deyil, nəticə etibarilə, hava limanının üstünlüyü və keyfiyyətinin obyektiv qiymətləndirilməsini təmin edir. Yoxlama zamanı “Skytrax” şirkəti, həmçinin altı ay ərzində 100 ölkədən olan sərnişinlər arasında sorğu aparıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü il aprel ayının 23-də istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
2019-cu ildə aeroport 4,73 milyon sərnişinə xidmət göstərib ki, bu da 2018-ci ilin göstəricisindən 7% çoxdur.*
N.Abbasova