COVİD-19 pandemiya başlanandan Azərbaycan 20 minə yaxın vətəndaşı Vətənə qaytarıb. Bunu Azərbaycan XİN başçısı Elmar Məmmədyarov deyib.
«Ölkə sərhədindən kənarda qalmış vətəndaşlarımızın təxliyəsi böhran şəraitində ən vacib vəzifələrdən birinə çevrildi. Hazırda yaranmış vəziyyətdə vətəndaşlarımızın digər ölkələrdən geri qaytarılması üçün bütün lazımi tədbirlər görülüb. Bu tədbirlər davam etdirilir və hazırda 20 minə yaxın Azərbaycan vətəndaşı Vətənə qaytarılıb”, - Məmmədyarov çərşənbə axşamı MDB ölkələrinin xarici işlər nazirlərinin videokonfrans şəklində keçirilən görüşündə bildirib.
Məmmədyarov bildirib ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə fəal rol oynayır. “Qlobal həmrəylik nümayiş etdirərək, Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizə üçün könüllü olaraq 10 milyon ABŞ dolları ianə ayırdı. Eyni zamanda, Azərbaycan ayrı-ayrı ölkələrə də maddi və maliyyə yardımı göstərdiyini diqqətə çatdırıb”, - nazir vurğulayıb.
Həmçinin, Məmmədyarov Azərbaycan daxilində koronavirusun yayılmasına qarşı görülən tədbirlər barədə söz açıb.
“Yaranmış şərtlərə uyğun olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirilib. Fevral ayında Azərbaycan Respublikası ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsi və yayılmasına dair ilkin xəbərdarlıq üzrə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Mart ayının əvvəlindən etibarən ölkədə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırıldı. Azərbaycanda planlaşdırılan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Martın ortalarında bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi bir rejim, ayın sonlarından etibarən isə ölkədə xüsusi karantin rejimi tətbiq olundu”, - nazir bəyan edib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti yaranmış çətinlikləri uğurla aradan qaldırmaq üçün bütün zəruri tədbirlər görür. Dövlətin bütün resursları səfərbər edilib və müəyyənləşdirilmiş məqsədlərə çatmaq üçün onlardan səmərəli şəkildə istifadə olunur.
“Hesab edirəm ki, MDB COVID-19 koronavirus infeksiyasının yayılması ilə mübarizədə birgə səyləri müzakirə etmək, habelə milli səviyyədə həyata keçirdiyimiz tədbirlərlə bağlı təcrübə mübadiləsi, lazımlı vaxtda bir-birimizə dəstək nümayiş etdirmək və xalqlarımız arasında həmrəyliyi gücləndirmək üçün vacib bir platformadır”, - Məmmədyarov vurğulayıb. **
B.Rüstəmbəyov