“Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” yataqlarının işlənməsi layihələri və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi layihəsi üzrə podratçı şirkətlər tərəfindən 2020-ci ilin birinci rübündə $430,2 mln. məbləğində sifariş yerinə yetirilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 37,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Bu məbləğdən $180,9 mln. dəyərində sifarişi 14 birgə müəssisə, $9,2 mln. dəyərində sifarişi 19 dövlət müəssisəsi, $73,3 mln. dəyərində sifarişi 190 kiçik və orta müəssisə və fiziki şəxs yerinə yetirib. $166,7 mln. dəyərində sifariş BP şirkətinin Azərbaycandakı layihələri üzrə işləyən xarici şirkətlər tərəfindən həyata keçirilib”, - məlumatda bildirilir.
2020-ci ilin birinci rübündə sosial layihələrin həyata keçirilməsinə $1,542 mln. məbləğində investisiya qoyulub.
BP Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Şahdəniz” yatağının işlənməsi layihələrin iştirakçısı, Bakı-Tbilisi-Ceyhan boru kəməri və Cənubi Qafqaz boru kəməri magistralı layihələrinin səhmdarı, Abşeron arxipelaqının dayazsulu hissəsinin, D-230 blokunun və Xəzərin Azərbaycan sektorundakı Şəfəq-Asiman strukturunun kəşfiyyatı və işlənməsi üzrə layihələrin səhmdarıdır.**
N.Abbasova