Azərbaycan prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında üç strukturun əsasnamələrini təsdiq edib.
Xüsusilə, dövlət vergi siyasətinin formalaşması və reallaşdırılmasında iştirak edəcək Dövlət Vergi Xidmətinin Əsasnaməsi; torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini həyata keçirən Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi təsdiq olunub.
Bundan başqa, dövlət başçısı antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətinin və tənzimlənməsinin həyata keçirilməsini təmin edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsini təsdiq edib.
Hər üç Əsasnaməyə görə, hər bir Xidmətin rəisinin 4 müavini olacaq. Həmin müavinlər Azərbaycan prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. **
X.Nəsirzadə