Azərbaycan COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar karantini yumşaldır, bu şəraitdə nəzarət mexanizmi vacib məsələdir. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil.Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir», - Əliyev çərşınbə axşamı Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında bildirib.
Həmçinin, Əliyev vurğulayıb ki, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər. “Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq”, - prezident əlavə edib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində bu günə qədər vəziyyət tam nəzarətdə saxlanılır və yoluxanların sayı digər ölkələrlə müqayisədə azdır.
Azərbaycanda COVİD-19 koronavirusun yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 31 may tarixinədək qüvvədədir. Aprelin 27-dən fərdi sahibkarların, ticarət obyektlərinin fəaliyyəti tədricən bərpa olunub. Hənçinin, kafe və restoranlar, ticarət mərkəzləri, barlar, idman obyektləri hələlik bağlıdır. Bundan başqa, xüsusilə Bakı və digər iri şəhərlərdə əhalinin hərəkəti məhdudlaşdırılıb.
Mayın 12-nə olan vəziyyətə görə, Azərbaycanda COVİD-19-a yoluxanların sayı 2693 nəfər, vəfat edənlərin – 33 nəfər, sağalanların – 1735 nəfər təşkil edir. Hazırda 925 nəfər xüsusi rejimli xəstəxanalardadır. **
X.Nəsirzadə