Azərbaycan tərəfindən Fransa iqtisadiyyatına 2,1 mlrd. dollar, Fransa tərəfindən isə Azərbaycana 2,2 mlrd. dollar sərmayə yatırılıb.Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Ölkələrimiz investisiya sahəsində də uğurlu əməkdaşlıq edir. İndiyədək Azərbaycan tərəfindən Fransa iqtisadiyyatına 2,1 mlrd. dollar, Fransa tərəfindən isə Azərbaycana 2,2 mlrd. dollar sərmayə yatırılıb. Fransa şirkətləri Azərbaycanda dövlət investisiyaları hesabına həyata keçirilən və dəyəri 2,1 mlrd. dollar olan qeyri-neft layihələrində podratçı kimi də iştirak edirlər”, - Cabbarov Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Fransa Sahibkarlar Təşkilatı (MEDEF) və Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə vebinar formatında işgüzar görüşündə bildirib.
Azərbaycan-Fransa iqtisadi əməkdaşlığı barədə danışan iqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən sənaye, enerji, ticarət, xidmət, kənd təsərrüfatı və s. sahələrdə 65 Fransa şirkəti fəaliyyət göstərir.
Cabbarovun sözlərinə görə, hazırda dünya iqtisadiyyatı yeni imkanlar vəd edən rəqəmsallaşma prosesindədir. “Azərbaycanın məqsədi rəqəmsal iqtisadiyyat qurmaqdır və ölkəmiz bu məsələdə Fransa ilə də əməkdaşlığa açıqdır”, -nazir qeyd edib.
MEDEF-in baş icraçı direktoru Filipp Qotye vurğulayıb ki, Fransa Azərbaycanla əlaqələrin inkişafına önəm verir. O, Azərbaycanda əlverişli biznes və investisiya mühitini, ölkəmizin cəlbedici turizm ölkəsi, bir sıra rəqabətqabiliyyətli məhsulların istehsalçısı olduğunu bəyan edib.
Həmçinin, Qotye pandemiya ilə mübarizə və iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri barədə fikirlərini bölüşüb.
Vebinar iştirakçıları pandemiya və neftin qiymətinin kəskin aşağı düşdüyü hazırkı şəraitdə iqtisadi diversifikasiya və dayanıqlılığın gücləndirilməsi, iqtisadi inkişafın davamlılığını təmin edə biləcək qeyri-neft layihələrinə, Fransa şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bildiriblər.
“Vebinarda bank və maliyyə sektoru, kənd təsərrüfatı, İKT, innovasiyaların tətbiqi, nəqliyyat-tranzit və s. sahələrdə tərəfdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparılıb”, - məlumatda qeyd olunur. **
X.Nəsirzadə