Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2020-ci ildə Azərbaycanda ÜDM-nin 3% azalacağını proqnozlaşdırır. Bu barədə may ayı üçün regional iqtisadiyyata dair icmalda (Regional Economic Prospects) qeyd olunur.
Ötən ilin noyabr ayında AYİB 2020-ci il üçün Azərbaycanda ÜDM-nin 2,4% artacağını proqnozlaşdırmışdı.
Bankın qiymətləndirmələrinə görə, 2021-ci ildə ölkə üzrə ÜDM 3% artacaq.
"2019-cu ildə Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunun (artım 3,6%) sayəsində 2,2% artıb. Kənd təsərrüfatı və xidmət sahəsi də müsbət dinamika nümayiş etdirib. İnflyasiyanın 3%-dən aşağı olması Mərkəzi Banka uçot dərəcəsinin azaldılmasını davam etdirməyə imkan verib. İxrac daxilolmalarına gəldikdə isə, bu yaxınlarda neftin qiymətinin ucuzlaşması 2020-ci ildə Azərbaycan iqtisadiyyatına zərbə vuracaq”, - deyə hesabatda bildirilir.
Hazırda valyuta məzənnəsi sabit olaraq qalır, lakin neftin qiymətinin uzun müddət aşağı olması və dünyada neftə tələbin azalması iqtisadiyyatda ciddi disbalansa səbəb ola bilər.
"Mart ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tələbin artması fonunda yerli banklara təxminən $2 milyard satıb. Valyutaya təzyiq aprel ayında zəifləyib. Bank sektoruna etimadı artırmağa çalışan hakimiyyət bütün depozitlərə ümumi zəmanəti 2020-ci ilin dekabr ayının əvvəlinə qədər uzadıb. Məzənnə bu gün sabit olaraq qalır. ARDNF-in iri aktivləri (ÜDM-nin təxminən 90%-i) iqtisadiyyatı xarici şokdan qorumağa davam edəcək. Lakin neftin qiymətinin uzun müddət aşağı olması və dünyada neftə tələbin azalması iqtisadiyyatda ciddi disbalansa səbəb ola bilər. Bu hadisələrin fonunda biz 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 3% azalacağını, 2021-ci ildə isə 3% artacağını gözləyirik", - deyə hesabatda qeyd edilir.
Azərbaycan hökuməti 2020-ci ildə ÜDM-nin artımını 3% səviyyəsində proqnozlaşdırır. Bununla belə, hökumət koronavirus pandemiyası və neftin ucuzlaşması nəzərə alınmaqla ÜDM-nin templərinə dair yeni proqnoz dərc etməyib.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
Ə.Məmmədov