2020-ci ilin yanvar-mart aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) blokundan neft hasilatı 129 istismar quyusundan həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə operator) mətbuat xidmətindən məlumat verilib.
“2020-ci ilin I rübündə müqavilə blokunda 4 hasilat quyusu qazılıb. Mart ayının sonuna olan vəziyyətə görə, 129 neft hasilat quyusu, 42 su və 7 qaz injektor quyusu istismarda olub”, - deyə məlumatda bildirilir.
AÇG blokunun işlənməyə başlandığı dövrdən etibarən ümumilikdə 3,7 milyard barel neft hasil edilib.
I rübdə AÇG blokundan 48 milyon barel neft (6,4 milyon tondan çox) hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən layihənin operatoru olan BP şirkəti (Britaniya) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, ITOCHU Oil (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% paya malikdir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard həcmində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci il fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.*
N.Abbasova