2020-ci ilin yanvar-aprel aylarında Azərbaycan banklarının kredit portfeli 1,9% artıb. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
"Ölkənin maliyyə sektorunda vəziyyət qənaətbəxşdir. 4 ay ərzində bankların kredit portfeli 1,9% artıb. Əsas artım biznes kreditlərinin hesabına mümkün olub. Hesabat dövründə biznes kreditlərinin həcmi 4,1% artıb", - deyə E.Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hesabat dövründə ipoteka kreditlərinin həcmi 5,2% artıb, istehlak kreditlərinin həcmi isə 4,1% azalıb.
Rüstəmov vurğulayıb ki, 2020-ci ilin yanvar-aprel aylarının yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 3% təşkil edib.
AMB sədri qeyd edib ki, cari ilin əvvəlindən banklar tərəfindən real sektora 4,1 milyard manat məbləğində yeni kreditlər ayrılıb.
"Ümumilikdə, bank sektoru kifayət qədər likvidliyə malikdir. Hazırda bankların likvid vəsaitləri 8 milyard manatı ötür ki, bu da bank sektorunun aktivlərinin 26%-ni təşkil edir. Banklar da öz öhdəliklərini vaxtında yerinə yetirir", - deyə o bildirib.
E.Rüstəmov əlavə edib ki, bu gün sektorun kapital adekvatlığı təxminən 23% təşkil edir ki, bu da normativ tələblərdən 2,3 dəfə çoxdur.*
Ə.Məmmədov