ABŞ Energetika Nazirliyinin Enerji Məlumatları İdarəsi (EIA) 2020-ci ildə Azərbaycanda neft hasilatına dair proqnoz göstəricisini aprel proqnozu ilə müqayisədə gündəlik 0,04 milyon barel – 0,71 milyon barelədək azaldıb. Bu barədə qurumun aylıq proqnozuna dair məlumatda bildirilir.
EIA-nın məlumatına görə, 2020-ci ilin I rübündə Azərbaycanda gündəlik neft hasilatı 0,78 milyon barel, II rübdə 0,66 milyon barel, III rübdə 0,66 milyon barel, IV rübdə 0,71 milyon barel həcmində proqnozlaşdırılır.
Bununla yanaşı, qurum 2021-ci ildə Azərbaycanda neft hasilatına dair proqnozu aprel proqnozu ilə müqayisədə 0,01 milyon barel - 0,74 milyon barelə qədər artırıb. Bununla belə, EIA gələn ilin I-IV rüblərində Azərbaycanda gündəlik neft hasilatının 0,74 milyon barel təşkil edəcəyini gözləyir.
EIA qeyd edir ki, 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatı 0,79 milyon barel təşkil edib.
Xəbər verildiyi kimi, Azərbaycan yeni OPEC+ sazişi üzrə götürdüyü öhdəliklər çərçivəsində 2020-ci il mayın 1-dən neft hasilatını azaltmağa başlayıb.*
N.Abbasova