2019-cu ilin dekabr ayında “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın zamanı sahibkarlara 17 milyon 460 min manat maddi ziyan dəyib. Bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
“Ötən ilin dekabr ayında “EuroHome”da 128 nəfərə məxsus əmlak yanıb. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsinin operativ məlumatına və ekspertlərin rəylərinə əsasən, vətəndaşlara 17 milyon 460 min manat maddi ziyan dəyib. Bunun 13 milyon 796 min manatının ödətdirilməsi təmin edilib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, 2019-cu il dekabrın 10-da «EuroHome» tikinti materialları bazarında baş vermiş yanğın nəticəsində bazarın 40%-i yanıb.
2020-ci il mayın 12-nə keçən gecə isə bu bazarda yenidən yanğın baş verib. Bazarın 3,3 min kvadratmetr hissəsi yanıb. Yanğın saat 01.30-da söndürülüb. Yanğın nəticəsində bazarın 15%-ə qədəri yanıb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə bildirib ki, obyektdə birinci yanğından sonra nazirliyin xəbərdarlıqlarına məhəl qoyulmayıb, təmir-quraşdırma işləri başa çatmadan və obyekt Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmədən sahibkarlar üçün şərait yaradılıb və yeni mallar alınıb.
Onun sözlərinə görə, hazırda yanğının səbəbləri öyrənilir. Nazir obyekt sahibini məsuliyyətsizlikdə ittiham edib. "Mənə elə gəlir ki, bu insidentdən sonra hüquq-mühafizə orqanları obyektlə bağlı daha sərt tədbirlər görəcək, sahibi isə ciddi cəza alacaq", - deyə K.Heydərov əlavə edib.
"EuroHome" MMC 1999-cu ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnamə kapitalı 306,548 min manatdır (cari məzənnə ilə $180,3 min).*
B.Rüstəmbəyov