Ləğvetmə prosesində olan 4 bankda qorunmayan əmanətlərin həcmi cəmi 3 milyon manat təşkil edir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
““AGBank”, “AtaBank”, “Amrahbank” və “NBCBank”ın qorunmayan əmanətləri onların depozit portfelinin 1%-dən az hissəsini və ya cəmi 3 milyon manat təşkil edir. Bu, müxtəlif səbəblərlə - yüksək faiz dərəcəsi, onların affilə edilmiş şəxslərə verilməsi və s. ilə bağlı ola bilər", - deyə Rüstəmov bu gün keçirilən mətbuat konfransında "İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, bu 4 bankda sığortalanmış əmanətlərin ümumi məbləği 686 milyon manat təşkil edir və 215 min əmanətçini əhatə edir. Bu məbləğ ləğv edilən banklardakı əmanətlərin ümumi həcminin 99%-dən çoxunu təşkil edir.
AMB sədri əlavə edib ki, bu banklarda ümumi ipoteka portfeli 211 milyon manat təşkil edir. "Onlar İpoteka və Kredit Zəmanət Fondu tərəfindən müəyyən ediləcək digər banklara veriləcək", - deyə E.Rüstəmov qeyd edib.
Xəbər verildiyi kimi, AMB aprelin 28-dən “AtaBank” və “Amrahbank”ın, mayın 12-dən isə “AGBank” və “NBCBank”ın lisenziyalarını ləğv edib. Səbəb sözügedən banklarda kapital, likvidlik və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ciddi problemlərin olmasıdır.*
Ə.Məmmədov