Mayın 7-nə qədər Azərbaycanda banklara 548,6 milyon manat məbləğində 47,994 min kreditin restrukturizasiyası üçün müraciət edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“Müraciətlərin 91%-i biznes, 5%-i istehlak, 4%-i ipoteka kreditlərinə aiddir”, - deyə o qeyd edib.
AMB sədri deyib ki, artıq müraciətlərin 37%-i və yaxud 200,4 milyon manatlıq hissəsi restrukturizasiya edilib.
“Biznes kreditləri üzrə müraciətlərin həcmi 494,9 milyon manat məbləğində qiymətləndirilir, onlardan 162,4 milyon manatı (33%) artıq restrukturizasiya edilib. İstehlak kreditləri üzrə müraciətlərin həcmi 34,6 milyon manat təşkil edir və 29,3 milyon manat (85%) restrukturizasiya edilib. İpoteka kreditləri üzrə müraciətlərin həcmi 19,1 milyon manat təşkil edib və 8,7 milyon manat və ya 46% restrukturizasiya edilib”, - deyə E.Rüstəmov qeyd edib.
O əlavə edib ki, AMB-yə fiziki şəxslərin kreditlərinin banklar tərəfindən restrukturizasiyasından imtina edilməsi ilə bağlı şikayət xarakterli 15 müraciət daxil olub. Hazırda bu müraciətlər təhlil edilir.
Koronavirus (COVİD-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirini azaltmaq məqsədilə 30 sentyabr 2020-ci ilə qədər kreditlərin restrukturizasiyası nəzərdə tutulub.*
Ə.Məmmədov