Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov ölkənin sığorta bazarındakı vəziyyətlə bağlı tənqidi fikirlər səsləndirib.
"Bizdə sığorta sistemi çox zəif inkişaf edib, buna görə də bu sistem iqtisadiyyat və əhali üzrə riskləri tam əhatə edə bilmir. Nəticədə biz vaxtaşırı problemlərlə üzləşirik. Sığorta şirkətləri əhalinin kapital ehtiyatlarının yaradılması üçün sistem olmalı, fond qismində çıxış etməlidir, lakin hələ ki, bizdə belə yanaşma yoxdur. Buna görə də hesab edirəm ki, bazarın inkişafına yeni baxış lazımdır", - deyə Rüstəmov bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sığorta sektorunun problemləri məlumdur, lakin onların cari ilə planlaşdırılan həlli koronavirus pandemiyası və bank sektorunun problemləri ilə əlaqədar bir qədər gecikir.
"Azərbaycanın sığorta sistemində çoxdan yığılıb qalmış problemlər mövcuddur və biz bu gün onlarla ciddi şəkildə məşğul oluruq. Biz sektorun əsas zəif cəhətlərini bilirik və bununla ciddi surətdə məşğul olacağıq. Dövlət sığorta risklərini öz üzərinə götürməməlidir. Sığorta bazarını inkişaf etdirmək lazımdır. Biz bunun üçün geniş tədbirlər planlaşdırırıq, xüsusilə daşınmaz əmlakın icbari sığortasının əhatə dairəsinin genişləndirilməsi üçün", - deyə AMB sədri qeyd edib.
Onun sözlərinə görə, digər tərəfdən, nəzərə almaq lazımdır ki, sahibkarlar əvvəlki kimi kölgə iqtisadiyyatında fəaliyyət göstərir və öz risklərini tam açıqlamırlar ki, bu da onları sığorta şirkətlərinin müştəriləri kimi cəlbedici etmir.*
Ə.Məmmədov