Prezident İlham Əliyev vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi ilə bağlı təhlillərin aparılmasının zəruriliyini vurğulayıb.
“Artıq tapşırıq verilib ki, vəzifəli şəxslərin fəaliyyətinin səmərəliliyi və buraxılan nöqsanlar ilə bağlı təhlillər aparılacaq və məlumat nəzarətdə olacaq. Eyni zamanda, ictimai nəzarət olmalıdır”, - deyə dövlət başçısı bu gün Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
O deyib ki, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq və bugünkü mənzərə bunu göstərir.
"Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və onların hamısı çirkin əməllərlə məşğul olub. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksək vəzifəli şəxslər. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir”, - deyə İ.Əliyev qeyd edib.
O əlavə edib ki, dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır.
“İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”, - deyə prezident vurğulayıb.*
Ə.Məmmədov