Mayın 14-də Kiyev-Bakı aviareysi ilə 198 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“14 may tarixində Kiyevdən çarter reysi ilə 198 nəfər Azərbaycan vətəndaşı Bakıya gətiriləcək. Bu gün isə Minskdən Bakıya 124 vətəndaşımız gəlib”, - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
H.Hacıyevin sözlərinə görə, Rusiya-Azərbaycan quru yolu ilə 540 nəfərdən çox Azərbaycan vətəndaşı ölkəyə qayıdıb.
Şöbə müdiri əlavə edib ki, 18-31 may tarixlərini əhatə edən xüsusi proqram hazırlanıb. Bu proqram MDB və Avropa ölkələrindən Azərbaycan vətəndaşlarının qaytarılmasını nəzərdə tutur. Bundan başqa, Azərbaycan vətəndaşları İran-Azərbaycan quru yolu ilə qayıda biləcəklər.
“Ölkəyə gələn vətəndaşlar 14 gün müddətinə karantinə yerləşdiriləcəklər”, - deyə o qeyd edib.
Pandemiya dövründə 20 min nəfərə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
H.Hacıyev əlavə edib ki, Azərbaycan hər həftə xaricdən 400-450 vətəndaşın gətirilməsini təmin edə bilər.*
B.Rüstəmbəyov