Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin 40 hektar genişləndirilməsi haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
“Bu qərar ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə qəbul edilib”, - deyə məlumatda bildirilir.
Prezident İ.Əliyev Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin genişləndirilməsi üçün Hacıqabul rayonu ərazisində 40 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək, sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin etməyi tapşırıb.
Bundan başqa, dövlət başçısı nəzərdə tutulmuş torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini üç ay müddətində təmin etməyi tapşırıb.
Hacıqabul Sənaye Məhəlləsi prezident İ.Əliyevin 25 iyul 2017-ci il tarixli sərəncamı ilə Hacıqabul rayonunda 20 hektar sahədə yaradılıb. Bu məqsədlə prezidentin ehtiyat fondundan 4 milyon manat ayrılıb.*
N.Abbasova