Rəsmi Bakı Yerevanla saxlanılan şəxslərin "hamının hamıya" prinsipi əsasında mübadiləsinə hazırdır. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Biz saxlanılan şəxslərin "hamının hamıya" prinsipi əsasında mübadiləsi mövqeyinə əvvəlki kimi sadiqik. Bu, pandemiya şəraitində xüsusilə aktualdır. Ancaq təəssüflər olsun ki, bu məsələdə Ermənistandan konstruktivlik görmürük. Biz öz tərəfimizdən buna hazırıq", - deyə H.Hacıyev bu gün jurnalistlərə bildirib.
Daha əvvəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirmişdi ki, Ermənistan saxlanılan şəxslərin "hamının hamıya" prinsipi əsasında mübadilə edilməsindən imtina edib.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 29 aprel 2016-cı il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edib.
Bununla yanaşı, Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə edib. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri - Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib.
Bakı Azərbaycanda həbsdə olan erməni hərbçilər Karen Kazaryan və Araik Kazaryanın Ermənistan tərəfinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevlə mübadilə edilməsi ilə bağlı sonuncu dəfə beynəlxalq qurumlara 11 sentyabr 2019-cu il tarixində müraciət ünvanlayıb.*
A.Əzizov