2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana $201 milyon 420,53 min dəyərində 17,196 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə idxal 47% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $166 milyon 343,15 min dəyərində 16,02 min ədəd avtomobil sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə minik avtomobillərinin idxalı 50,9% artıb.
Cari ilin yanvar-aprel aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş $16 milyon 563,07 min dəyərində 1,048 min ədəd motorlu nəqliyyat vasitəsi (artım 7,6 dəfə) və $11 milyon 9,63 min dəyərində 59 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 9,3%) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $7 milyon 504,68 min dəyərində 69 ədəd (artım 30,2%) motorlu nəqliyyat vasitəsi gətirilib.
2019-cu ildə Azərbaycana avtomobil nəqliyyatı vasitələrinin idxal həcmi 2018-ci illə müqayisədə 65,2% - 47,71 min ədədə qədər artıb.**
Ə.Məmmədov