Naxçıvan Muxtar Respublikasında 106 nəfərdə koronavirus aşkarlanıb, 5 xəstənin müalicəsi davam etdirilir, 2 nəfər isə vəfat edib.
“2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, 99 nəfər sağalıb, 2 nəfər vəfat edib, 5 xəstənin müalicəsi isə davam etdirilir”, - deyə mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə həsr olunmuş müşavirədə bildirilib.
Naxçıvanda 7450 nəfər karantinə alınıb. Hazırda 417 nəfər karantində saxlanılır.
Muxtar respublikada koronavirus pandemiyasına qarşı kompleks qabaqlayıcı tədbirlər çərçivəsində Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Hüquqi və fiziki şəxslər tərəfindən fonda 5 milyon 47,189 min manat vəsait köçürülüb. Fondun vəsaitlərindən 3 milyon 326,861 min manatı koronavirusla mübarizə tədbirlərinə xərclənib.
“Virusun laborator təyini üçün müasir laboratoriya yaradılıb, səhiyyə müəssisələri üçün yeni tibbi avadanlıqlar, preparatlar və ləvazimatlar (ümumi dəyər 2,97 milyon manat) alınıb”, - deyə V.Talıbov bildirib.
Xüsusilə 2 dəst Ekstrakorporal Membran Oksigenasiya cihazı, 20 stasionar süni tənəffüs aparatı, 4 portativ süni tənəffüs aparatı, 2 hemodializ cihazı və s. alınıb.
V.Talıbovun sözlərinə görə, pandemiya ilə əlaqədar muxtar respublikada tətbiq edilən məhdudlaşdırıcı tədbirlər mayın 2-dən etibarən yumşaldılıb. Lakin təşkilatlar və əhali sosial davranış qaydalarına və sanitar-epidemioloji normalara ciddi riayət etməlidirlər.*
Q.Hüseynova