BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidentləri Nərminə Nəbiyeva və Bəxtiyar Aslanbəyli 1 iyul 2020-ci il tarixindən şirkətdə yeni rəhbər vəzifələr tutacaqlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Hazırda şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti olan Nərminə Nəbiyeva bu ilin 1 iyul tarixindən BP-nin London ofisində dəstək funksiyaları, strategiya və davamlılıq, regionlar, şəhərlər və həllər bölümlərinin insanlar və korporativ mədəniyyət üzrə baş vitse-prezidenti (senior vice president enablers, strategy & sustainability, regions, cities & solutions) vəzifəsinə təyin olunub”, - deyə məlumatda bildirilir.
“Eyni zamanda, hazırda regionun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli 1 iyul tarixindən Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidentdir (vice president communications & advocacy for Middle East & Caspian). Bu ölkələrə Azərbaycan, Gürcüstan, Türkiyə, İraq, Oman, Küveyt və BƏƏ daxildir”, - deyə məlumatda qeyd olunur.
“Onlar regionun rəhbər komandasında şirkətin biznesinin uğuruna böyük töhfələr vermiş yüksək vəzifəli kadrlardır. Biz onları yeni daha məsuliyyətli vəzifələrdə görməkdən çox məmnunuq. Bu bir daha onu göstərir ki, azərbaycanlı peşəkarlara qlobal şirkətlərdə beynəlxalq səviyyəli kadrlar kimi tələbat var”, - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.*
N.Abbasova