Azərbaycanın bank sektorunda keyfiyyətli biznes kreditləşməsinin çatışmazlığı hiss olunur. “AccessBank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina belə hesab edir.
“Azərbaycanın bank sektorunda hələ ötən ildən bəri biznes kreditləşməsinin çatışmazlığı problemi qalıb. Bəzi banklarda bu, onların strategiyası ilə, bəzilərində isə bankın öz üzərinə götürməyə hazır olduğu risklərin həcmi ilə bağlı idi. Elə bizdə də vəziyyət belə idi – ötən il daha çox kredit vermək istəyirdik, amma bu sayda kreditləşdirə biləcəyimiz biznes görmürdük. Hazırda bu problem iqtisadi fəallığın azalması səbəbindən arta bilər”, - deyə Y.Qaşikulina “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hökumətin atdığı addımlar bu çətinliyin öhdəsindən gəlməyə kömək edəcək.
“Kreditlərin subsidiyalaşdırılması və qismən zəmanət verilməsi üzrə hökumət dəstəyi proqramı, qarşıya qoyulmuş vəzifələrin bir hissəsinin öhdəsindən gəlir, çünki bu, mahiyyət etibarı ilə risklərin bölüşdürülməsidir. İstərdik ki, bu proqamdan bütün qeyri-neft sektoru, həmçinin ticarət və xidmət sektoru da yararlana bilsin”, - deyə birinci müavin qeyd edib.
Mərkəzi Bankın məlumatına görə, 31 mart 2020-ci il tarixinə bankların kredit portfeli 15 milyard 232,7 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,2%) məbləğində qiymətləndirilir.
Cari ilin yanvar-mart aylarında banklar biznes kredit portfelini 3,7% - 9 milyard 365,7 milyon manatadək (ümumi kredit portfelinin 61,5%-i) artırıb.
Yevgeniya Qaşikulina ilə müsahibənin tam mətni www.interfax.az saytında dərc olunub.*
Ə.Məmmədov