Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı mövcud vəziyyət əmanətçilərin öz əmanətlərini yerləşdirmək üçün bankın diqqətlə seçilməsi zərurətinin olmamasına gətirib çıxarır. "AccessBank" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina belə hesab edir.
“Əmanətlərin Sığortalanması Fondu (ADIF) bank sektoruna sabitlik gətirən gözəl alətdir. Digər tərəfdən isə, bu alət banklar arasında düzgün seçim etməkdə müştərilərə müəyyən dərəcədə mane olur. İnsanlar yalnız faiz dərəcələrinə diqqət yetirirlər. Əvvəllər bankın seçilməsi zamanı müəyyənləşdirici rol oynayan digər parametrlər – bankın effektiv iş modeli, səhmdarların strukturu, rahat xidmət və s. müştəri üçün böyük rol oynamır”, - deyə Y.Qaşikulina “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, müştərilər digər məqamlara da diqqət yetirməlidirlər, çünki onlar bu və ya digər bankın dayanıqlığını nümayiş etdirir.
Azərbaycanda əmanətlərin tam sığortalanması sistemi 2016-cı il martın 1-dən tətbiq edilib. Bu sistem əhalinin əmanətlərinin bütün həcminə (əvvəllər məbləği 30 min manata qədər olan əmanətlər sığortalanmış hesab olunurdu) şamil edilir. Yeganə şərt bundan ibarətdir ki, əmanət üzrə faiz Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi limiti keçməməlidir. Buna müvafiq olaraq əhalinin milli valyutada illik faiz dərəcəsi 10%-dən, xarici valyutada isə 2,5%-dən çox olan əmanətləri sığortalanmır.
Bu sığorta sistemi 2020-ci il dekabrın 4-dək qüvvədə olacaq.*
Ə.Məmmədov