2020-ci ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 11,516 milyard manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 6,196 milyard manat (2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə artım 2,6%), qeyri-ərzaq mallarının alınmasına 5,346 milyard manat (azalma 6,5%) sərf olunub.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,6%-i ərzaq məhsulları, içki və tütün məmulatlarının, 14%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,4%-i elektrik malları və mebellərin, 5,1%-i avtomobil yanacağının, 1,8%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə istehlak mallarının 23,9%-i ticarət müəssisələri, 48,3%-i fərdi sahibkarlar, 27,8%-i bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə real ifadədə pərakəndə ticarət dövriyyəsi müəssisələr üçün 17,5% artıb, fərdi sahibkarlar üçün 1,2%, bazar və yarmarkalarda 13,1% azalıb.
Cari ilin yanvar-aprel aylarında ticarət şəbəkəsində bir ölkə sakini 154,9 manatlıq ərzaq məhsulları, içki və tütün məmulatları, 134,2 manatlıq qeyri-ərzaq məhsulları alıb.**
B.Rüstəmbəyov