Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Moldova prezidenti İqor Dodon ilə videokonfrans formatında görüş keçirib. Bu barədə Azərbaycan dövlət başçısının rəsmi saytı məlumat verir.
Əliyev və Dodon ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edərək siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdilər.
Söhbət zamanı dövlət başçıları koronavirus pandemiyasi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi apardılar, pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılması istiqamətində gələcəkdə görüləcək işlərdən danışdılar.
Prezidentlər pandemiya başa çatdıqdan sonrakı dövrdə ölkələrimiz arasındakı əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi məsələlərinə toxunaraq bildirdilər ki, ticarət, iqtisadiyyat, nəqliyyat, energetika və digər sahələrdə əlaqələrimizin genişləndirilməsi, eləcə də investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli imkanlar var.
“Əliyev və Dodon bu baxımdan postpandemiya dövründə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin iqtisadi əməkdaşlığımızın möhkəmlənməsi işinə töhfə verəcəyini vurğuladılar. Dövlət başçıları, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və gələcəkdə biznes forumun keçirilməsi perspektivlərini də müzakirə etdilər”, - məlumatda qeyd olunur.
Moldova prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərlə bağlı dəvətini bir daha diqqətə çatdırdı. Prezident İlham Əliyev də öz növbəsində, münasib vaxtda Moldova prezidentini Azərbaycana rəsmi səfərə dəvət etdi.
**
X.Nəsirzadə