Karantin rejiminin yumşaldılmasına müvafiq olaraq yay mövsümünün gəlişi ilə Bakı çimərliklərinin açılması planlaşdırılır. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məlumat verib.
“Bu gündən etibarən karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılıb, istirahət zonaları və parklar açılıb. Tezliklə çimərliklərin açılması planlaşdırılır", - deyə Əzizov bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bildirib.
O əlavə edib ki, hazırda çimərliklərdən istifadə qaydaları hazırlanır. Bununla yanaşı, icra başçısı çimərliklərdə yerlərin elektron bronlaşdırılması sisteminin tətbiqinin mümkünlüyünü istisna etməyib.
E.Əzizov qeyd edib ki, rejimin yumşaldılması istiqamətində atılacaq növbəti addımlar vəziyyətdən, o cümlədən yoluxma sayından, həmçinin vətəndaşların küçədə və ictimai yerlərdə qaydalara riayət etməsindən asılı olacaq.*
X.Nəsirzadə