Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Dağıstanın xeyli sayda Azərbaycan vətəndaşının toplaşdığı sərhəd rayonlarındakı vəziyyəti telefonla müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub.
"Evlərinə getməyə çalışan çoxlu sayda Azərbaycan vətəndaşının toplaşdığı Dağıstanın sərhədyanı rayonlarında yaranmış mürəkkəb vəziyyət müzakirə olunub. İki ölkənin əlaqədar nazirlik və idarələrinə bununla bağlı bütün məsələləri regional hakimiyyət orqanları ilə qarşılıqlı əlaqədə operativ qaydada həll etmək barədə tapşırıqların verilməsi şərtləndirilib", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, Dağıstan rəhbəri Vladimir Vasilyev bu gün Rusiya prezidenti Vladimir Putinin respublika rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə keçirdiyi müşavirədə infeksiyanın yayılmasına yol verməmək üçün Azərbaycan və Rusiya vətəndaşlarının sərhəddən keçməsinin sistemləşdirilməsini təklif edib.
"Hazırda Azərbaycanla münasibətlərimiz elə qurulub ki, onlar tərəfdən RF vətəndaşları bizim tərəfə keçməyi xahiş edirlər və əksinə, bizim tərəfdən Azərbaycan vətəndaşları sərhədi keçmək istəyirlər. Addımlarımızı əlaqələndirə bilsəydik, yaxşı olardı. Məsələn, insanların yığılmaması üçün 15 gündən bir 450 vətəndaşın bir tərəfdən digər tərəfə keçməsi müzakirə edilən rəqəmlərdir”, - deyə Vasilyev müşavirədə bildirib.
O qeyd edib ki, 15 sutkalıq vaxt infeksiyanın yayılmasının qarşısını almaq üçün lazımdır.
"14 gün observasiya və 1 gün sanitar işlənmə üçün lazımdır. Güman edirəm ki, bu, infeksiyanın yayılmasının qarşısını almağa kömək edəcək", - deyə Vasilyev əlavə edib.*