Xarici işlər naziri Elmar Məmmədyarov bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə videokonfrans formatında görüş keçirib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə ediblər. Tərəflər pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıblar”, - deyə məlumatda bildirilir.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.*
N.Abbasova