2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana 539 min turist gəlib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 36,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycana turist axını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36,5% - 539 min nəfərədək azalıb. Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran, Gürcüstan, Türkiyə, Rusiya Federasiyası arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin tətbiq olunması ilə bağlı olub”, - məlumatda bildirilir.
Cari ilin aprel ayında Azərbaycana gələnlərin sayı əvvəlki ayla müqayisədə 4,7 dəfə və ötən ilin aprel ayı ilə müqayisədə isə 12,1 dəfə azalıb.
Yanvar-aprel aylarında gələnlərin 30,4%-i Rusiya Federasiyası, 27,9%-i Gürcüstan, 12,3%-i Türkiyə, 6,1%-i İran, 2,3%-i Hindistan, 2,2%-i isə Səudiyyə Ərəbistanı, 2,1%-i Ukrayna, 1,5%-i BƏƏ vətəndaşları olub.
Gələnlərin 74%-ni kişilər, 26%-ni isə qadınlar təşkil edib.
Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,2 dəfə azalaraq 15,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,4 dəfə azalaraq 197,6 min nəfər olub.
Hesabat dövründə BƏƏ-dən gələnlərin sayı 4,1 dəfə, Çindən – 3,5 dəfə, İspaniya, Oman və Polşadan – 2,5 dəfə, Yaponiyadan – 2,4 dəfə, Qətər və Niderlanddan – 2,3 dəfə, ABŞ, İraq, İtaliya, Fransa və Kanadadan – 2,2 dəfə azalıb.
Yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin 65,8%-i dəmir yolu və avtomobil, 32,8%-i hava, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.
Bu dövrdə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 42,3% azalaraq 944,7 min nəfər olub. Ölkə vətəndaşlarının 33,8%-i İrana, 29,8%-i Gürcüstana, 20,4%-i Rusiya Federasiyasına, 9,7%-i Türkiyəyə, 6,3%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 68,9%-ni kişilər, 31,1%-ni qadınlar təşkil edib.
“Yanvar-aprel aylarında İrana gedən Azərbaycan vətəndaşlarının sayı 50,3%, Türkiyəyə gedənlərin sayı 42,2%, Gürcüstana gedənlərin sayı 36,8%, Rusiya Federasiyasına gedənlərin sayı isə 35,6% azalıb”, - Komitədən qeyd olunur.
2020-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,4%-i dəmir yolu və avtomobil, 16,3%-i hava, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.**
B.Rüstəmbəyov