Azərbaycan Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda COVİD-19 koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə $200 milyon dəyərində svop müqaviləsi bağlayıb.
“Müqavilə çərçivəsində yerli şirkətlər milli valyutada AYİB-in maliyyə ehtiyatlarına çıxış əldə edəcəklər. Bu məbləğin 50 milyon dolları və ya 85 milyon manatın 2020-ci ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, xüsusilə kiçik biznesə verilməsi planlaşdırılır”, - AMB-dən məlumat verilir.
Bundan başqa, müqavilə çərçivəsində AYİB Azərbaycanda törəmə maliyyə alətlərindən istifadənin genişləndirilməsi və alternativ maliyyələşmə aləti kimi istifadəsini dəstəkləyəcək.
“O cümlədən, AMB AYİB ilə yerli valyutada istiqraz emissiyasının həyata keçirilməsi və törəmə maliyyə alətləri bazarının hüquqi çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə əməkdaşlığı davam etdirir”, - məlumatda qeyd olunur.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bank indiyədək Azərbaycanda 170 layihənin maliyyələşdirilməsinə 3,3 milyard avro ayırıb.**
A.Əzizov