Daxili İşlər Nazirliyinin (DİN) həyata keçirdiyi əməliyyat nəticəsində 10 kq-dan çox narkotik vasitə aşkarlanaraq götürülüb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Elvin Zeynalov saxlanılıb”, - deyə məlumatda bildirilir.
Onun üzərində şəxsi axtarış aparılan zaman 390 qram narkotik vasitə heroin və 215 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
“E.Zeynalovun Əmircan qəsəbəsində yaşadığı evə baxış zamanı idman çantasının içərisindən 4 kiloqram 650 qram heroin, 2 kiloqram 100 qram marixuana, 2 kiloqram 60 qram metamfetamin, 995 qram həşiş, ümumi çəkisi 20 qrama yaxın olan 498 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb”, - deyə məlumatda qeyd olunur.
Araşdırma zamanı müəyyən olunub ki, E.Zeynalov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib.
E.Zeynalov tutularaq istintaqa təqdim olunub. Faktla bağlı cinayət işi başlanılıb. Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.*
X.Nəsirzadə