“Azərişıq” ASC 1 fazalı SMS tipli sayğacların və müxtəlif növ sayğacların satın alınması üzrə tenderlərin davamından imtina edib. Bu barədə cəmiyyətin elanında deyilir.
“Elektrik sayğaclarının tədarükçülərinin seçimi üzrə tenderlər 2020-ci ilin fevral-mart aylarında elan edilmişdi. Lakin tenderlərin maliyyələşdirilməsi dayandırıldığı üçün Tender komissiyasının qərarı ilə tenderin davamından imtina olunub”, - deyə məlumatda bildirilir.
1 fazalı SMS tipli sayğacların satın alınması üzrə tender fevralın 22-də elan olunmuşdu. Tender proseduru 5 mart saat 16:00-da keçirilməli idi.
Müxtəlif növ sayğacların satın alınması üzrə tender martın 11-də elan olunmuşdu. Tender proseduru 30 aprel saat 16:00-da keçirilməli idi.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova