Rusiyanın “Rostselmaş” şirkəti “Nova” kombaynlarının yığım istehsalının təşkili ilə bağlı Azərbaycanla danışıqların bərpasına ümid edir. Bunu şirkətin həmtəsisçisi Konstantin Babkin deyib.
"Azərbaycanda sərt karantin rejimi tətbiq edildiyi üçün bu gün layihə dayandırılıb. Amma maşın komplektlərinin tədarükü ilə bağlı məsələlər fəal şəkildə razılaşdırılıb", - deyə Babkin Rusiyanın "Kommersant" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, söhbət bu il üçün 150 kombaynın istehsalından və elə bu həcmdə də tədarükündən gedib. “Amma bütün danışıqlar dayandırılıb, vəziyyətin aydınlaşmasını gözləyirik", - deyə K.Babkin əlavə edib.
Xatırladaq ki, 22-23 noyabr 2019-cu il tarixlərində Moskvada keçirilmiş X Rusiya-Azərbaycan Regionlararası Forumunda “Azərmaş” və “Rostselmaş” şirkətləri arasında respublikada “Nova” kombaynlarının yığım istehsalının təşkilini nəzərdə tutan saziş imzalanıb.
Son 10 il ərzində “Rostselmaş” Azərbaycana 400-ə yaxın taxılyığan maşın tədarük edib.*
A.Əzizov