Mayın 19-da 120 Azərbaycan vətəndaşı Dağıstanla sərhəddə yaradılmış dəhliz vasitəsi ilə vətənə qayıdıb. Bu barədə Dağıstan hökuməti məlumat yayıb.
"Vladimir Putin və İlham Əliyevin tapşırıqlarının həyata keçirilməsi üçün mayın 19-da 120 Azərbaycan vətəndaşının Azərbaycan ərazisinə keçməsi təmin edilib. İlk növbədə, yaşlı insanlar və uşaqlı qadınlar buraxılıb", - deyə Dağıstan hökumətinin sədr müavini Ramazan Cəfərov bildirib.
Onun sözlərinə görə, bu işlər gələcəkdə də davam etdiriləcək.
Bununla yanaşı, sədr müavini vurğulayıb ki, daha əvvəl hər iki tərəf arasında əldə olunmuş razılaşma əsasında 1,5 mindən çox Azərbaycan vətəndaşı iki mərhələdə sərhəddən buraxılıb. "Lakin son bir ay ərzində buraxılış həyata keçirilmədiyi üçün respublika ərazisində sərhədin açılmasını gözləyən 600-dən çox Azərbaycan vətəndaşı olub. Onların hamısı sanatoriyalarda və mehmanxanalarda yerləşdirilib. Bu vətəndaşların yerləşdirilməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyi və Dağıstan Respublikası hökuməti tərəfindən hər cür şəraitə malik 210 yerlik çadır şəhərciyi yaradılıb", - deyə Cəfərov qeyd edib.
Beləliklə, hazırda sərhədyanı ərazidə 500-ə yaxın Azərbaycan vətəndaşı sərhədi keçməyi gözləyir.*
X.Nəsirzadə