May ayında Azərbaycanda valyuta hərraclarında xarici valyutanın satış həcmi aprel göstəricisindən çox olmayacaq. "Qazprombank"ın analitikləri belə hesab edirlər.
"Mayın 19-da hərracda valyutanın satış həcmi sabitləşmə əlamətləri göstərməyə davam etməklə ötən həftənin səviyyəsinə yaxındır və 10 mart tarixində keçirilmiş hərracın (xarici valyutaya tələb ən yüksək həddə olub - $323 milyon) nəticəsi ilə müqayisədə 5,8 dəfə azdır. Bu dinamika neftin qiymətinin aşağı olduğu bir şəraitdə Azərbaycan bazarında xarici valyutaya tələbin sabit qalmasından xəbər verir", - deyə bankın "İnterfaks-Azərbaycan" agentliyinin də malik olduğu həftəlik icmalında bildirilir.
Bundan başqa, Çində neftə tələbin böhrandan öncəki səviyyəyədək bərpa olunması əlamətlərinin meydana çıxması yaxın perspektivdə Azərbaycan manatına xarici təzyiqin zəifləməsini gözləməyə imkan verir.
"Beləliklə, biz əvvəlki kimi gözləyirik ki, may ayında Dövlət Neft Fondu (ARDNF) tərəfindən xarici valyutanın satış həcmi aprel səviyyəsini keçməyəcək, satışların pik səviyyəsi martda olub", - deyə “Qazprombank”da hesab edirlər.
Bankın analitikləri hesab edirlər ki, Azərbaycan neftin qiymətinin aşağı olması şəraitində milli valyutanın dəstəklənməsi üçün kifayət qədər ehtiyata malikdir və MDB ölkələri arasında beynəlxalq ehtiyatlarla ən çox təmin olunmuş ölkələrdən biri olaraq qalır. Mayın 1-nə fondun aktivləri nəzərə alınmaqla qızıl-valyuta ehtiyatları $47 milyarddan çox qiymətləndirilir və ÜDM-nin 100%-nə yaxındır (54 aylıq idxalı təmin edir).
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb.
Xəbər verildiyi kimi, Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-aprel aylarında Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında fond tərəfindən $3 milyard 303 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 67,2%), o cümlədən martda $1 milyard 928,3 milyon, apreldə $531,1 milyon məbləğində xarici valyuta satılıb.
ARDNF-dən bildiriblər ki, fond cari ildə valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilir.*
A.Əzizov