ABŞ-ın Azərbaycana yatırdığı sərmayələr $14 milyard təşkil edir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu nazir Mikayıl Cabbarov deyib.
“ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi iqtisadiyyatın neft-qaz sektorunda $12,8 milyard olmaqla ümumilikdə $14 milyarda çatıb. Bununla da, ABŞ Azərbaycanda ikinci ən böyük investordur”, - deyə M.Cabbarov ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) rəhbərliyi ilə videokonfrans formatında keçirilən görüşdə bildirib.
Nazir qeyd edib ki, Azərbaycanda ABŞ-ın 257 şirkəti fəaliyyət göstərir.
Cabbarovun sözlərinə görə, postpandemiya dövrü üçün əsas hədəflərdən biri iqtisadi artımın yeni modelinin həyata keçirilməsidir.
“Azərbaycanda tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasiya, kənd təsərrüfatı və emal sənayesi, turizm sektorlarının inkişafı prioritet istiqamətlərdəndir. Mən ABŞ şirkətlərini bu sahələrdə investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edirəm”, - deyə o vurğulayıb.*
Ə.Məmmədov