"AzerGold" QSC Daşkəsən rayonunda yerləşən "Çovdar" qızıl yatağının ehtiyatlarını 47% artırıb. Bu barədə şirkətdən məlumat verilir.
“Öncə aparılmış intensiv geoloji kəşfiyyat proqramı nəticəsində "Çovdar" yatağının ehtiyatları 533,5 min unsiya (və ya 16,5 ton) artıb və beynəlxalq ekspertlər tərəfindən təsdiq olunub. Beləliklə, əgər yatağın ilkin ehtiyatları 1 milyon 127,5 min unsiya (35 ton) qiymətləndirilibsə, hazırda bu göstərici 1 milyon 661 mi unsiya (və ya 51,5 ton) qızıl təşkil edir”, - məlumatda deyilir.
Bildirilir ki, geoloji kəşfiyyat yatağın dərin qatlarında filiz həcmi üzrə göstəricilərin, bununla da layihənin iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə aparılıb. Proqram 2018-2019-cu illəri əhatə edib. Bu dövrdə ümumilikdə, 28 min metrdən çox dərinlikdə 145 geoloji quyu qazılıb.
"AzerGold" “Çovdar”ın yerüstü mərhələsinin istismarını 2017-cı ildən etibarən həyata keçirir.
“Hazırda yatağın dərin qatlarının istismarı mərhələsi üzrə texniki və iqtisadi tədqiqat işləri beynəlxalq məsləhətçi şirkətin nəzarəti ilə həyata keçirilir və yaxın gələcəkdə layihə üzrə texniki-iqtisadi əsaslandırma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin hazırlanması üzrə işlərin yekunlaşdırılması gözlənilir. İkinci mərhələnin icrasına 2024-cü başlanılması planlaşdırılır”, - məlumatda vurğulanır.
Qeyd olunur ki, “Çovdar” yatağının işlənməsinin sulfid mərhələsi 2024-2032-ci illəri əhatə edir.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova