2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,1% - 1 milyard 41,7 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 406,1 min ton avtomobil benzini (artım 2,1%), 732,6 min ton dizel yanacağı (artım 7.4%), 29,2 min ton soba mazutu (artım 13,6%), 8,7 min ton sürtkü yağı (artım 61,6%), 79,3 min ton neft bitumu (artım 61,2%) istehsal edilib.
Yanvar-aprel aylarında birbaşa qovulan benzin istehsalında 2,5% - 101,6 min tonadək, kerosin istehsalında 5,1% - 186,5 min tonadək, neft koksu istehsalında 6% - 76,9 min tonadək azalma qeydə alınıb.
2020-ci il mayın 1-nə BNEZ-in anbarlarında hazır məhsullar ehtiyatı qismində aşağıdakılar olub: 96,5 min ton avtomobil benzini, 42,7 min ton təyyarə yanacağı, 110,8 min ton dizel yanacağı, 11,5 min ton soba mazutu, 11,8 min ton sürtkü yağları, 22,8 min ton neft bitumu, 66,8 min ton neft koksu.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.**
N.Abbasova