"SOCAR Methanol" MMC 2020-ci ilin yanvar-aprel aylarında 161,1 min ton metanol istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-aprel aylarında "SOCAR Methanol" 161,1 min ton metanol istehsal edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 67,6% çoxdur. Mayın 1-nə müəssisənin anbarında 33,4 min ton hazır məhsul olub”, - Komitədən bildirilir.
2019-cu ildə Metanol zavodunda 383 min ton metanol istehsal edilib.
Şirkət 2020-ci ildə metanol istehsalını təxminən 480 min ton həcmində proqnozlaşdırır.
Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Metanol zavodu AzMeCo şirkəti tərəfindən inşa edilib. Zavodun inşasına $500 milyona yaxın sərmayə qoyulub. Zavodun illik istehsal gücü 720 min ton metil spirti təşkil edir.
SOCAR məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankından alınaraq “Aqrarkredit” QSC-yə verilmiş müəssisəni sonuncudan 810 milyon manata alıb.**
N.Abbasova