Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank” və “NBC Bank” ASC-lərin əmanətçilərinə əmanətlərin qaytarılmasına iyunun 16-da başlamağı planlaşdırır. Bu barədə fondun məlumatında deyilir.
“Kompensasiya ödənişi zamanı əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq: 16 iyun 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentinə qədər(30 min manat daxil olmaqla) olan əmanətlər üzrə kompensasiyaların verilməsi; 15 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə kompensasiyaların verilməsi”, - deyə məlumatda bildirilir.
Mərkəzi Bank mayın 12-də "AGBank" ASC və "NBCBank" ASC-nin lisenziyalarını ləğv edib.
“AGBank” 1992-ci ildə yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biri olub. Hazırda bankın kapitalı AMB-nin tənzimləyici tələblərindən azdır.
“NBC Bank” 1992-ci ilin dekabr ayında təsis edilib. Bankın səhmdarları 2 hüquqi (8,75% pay) və 7 fiziki şəxsdir (91,25% pay).*
Ə.Məmmədov