Prezident İlham Əliyev Kəraçi şəhəri yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Pakistan İslam Respublikasının prezidenti Arif Alviyə başsağlığı verib.
“Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
Xatırladaq ki, Pakistanın Beynəlxalq Hava Yollarına məxsus “Airbus 320” markalı sərnişin təyyarəsi bu gün Kəraçi şəhəri yaxınlığında qəzaya uğrayıb. Lahor-Kəraçi marşrutu üzrə uçuş həyata keçirən təyyarə Karaçidəki Cinna beynəlxalq hava limanına eniş etməzdən bir qədər əvvəl qəzaya uğrayıb.*
Ə.Məmmədov